Müəllif: Gülzarə Hüseynova - ŞƏKİL


Gecə olduqca yada düşər xatirələr. Elədiyin səhvləri, ən böyük doğrularını, həyatının qaranlıq və hər kəsdən gizlətdiyin məqamlarını yada salıb ağlayarsan. Ən çox da eşqdən yanar canın. Məsələn, başını yastığa qoyub xəyallara qapılanda ən çox neçə nəfər ailəsini fikirləşir? Ən çox neçə nəfər sabahını fikirləşir? Düzdür, çoxları fikirləşir. Amma indi suallarımın quruluşunu dəyişim: Ən az neçə ürək eşqin xəyalından çırpınır? Cavab verirəm: milyonlarla. Çoxumuzun ağlını başından alan eşq deyilmi?

Eşq bəladır. Eşqə düşmək - cəhənnəmə düşməkdir. Sübut edim?

Sübut edirəm.

Aşiqsən. Üzünü görməyə, səsini eşitməyə həsrətsən. İlk ağlına gələn nə olar? Şəklinə baxmaq - təbii ki, telefonunda şəklini saxlayırsansa. Alarsan o telefonu əlinə, baxarsan şəklinə. Əvvəlcə üzünə baxarsan, sonra hiss eləyərsən ki, o şəkil səninlə danışmağa başlayır. Gözlərində donar diqqətin. Danışarkən tərpənən dodaqlar olar, amma sənin həmsöhbətin şəkildirsə, burda danışan gözlər olar. Onlar sənə bildirər hər şeyi. Bəzilərinə nifrət yağdırar bu gözlər - hətta şəkildə də olsa. Bəziləri üzr istəyər sənə baxıb. Bəzilərindən də sən üzr istəyərsən. Ən çox nəyə görə üzr istəyərsən?
-İncitməyinə görə; qışqırmağına görə; vurmağına görə; xəyanətinə görə... Daha bir neçə səbəb sadalaya bilərəm. Bəs sevməyinə görə üzr istəyən azdırmı? Aşiq var ki, sevməyinə görə bağışlanmağını istəyər, çünki sevməklə məhv etmişdir dünyasını.

Uzun-uzadı baxarsan əlindəki ya da telefonundakı şəkillərə. Onunla söhbət edirmişcəsinə bilmədən ucaldarsan səsini. Xəyalında onunla danışdığını zənn edərsən və o aləmdə sadəcə ikinizin varlığını güman edərsən, fəqət ağlamağa başlayarsan, yaşlar axdıqca gözündən hönkürtüylə qışqırmağa başlayarsan. "Darıxıram, yanıma gəl, qurban olum. Sənsiz bacarmıram. Ölüm qədər qorxunc və ağırdır sənsizliyim" deyə-deyə yalvararsan və xəbərsizsən otağının qapısından sənə baxan o anadan.




O məqamda sənə yaxın durmaz o qapıdan içəri girmək üçün dünyanı verməyə hazır olan ayaqlar. Ayırmaz səni xəyalından - həqiqətindən ayırdığı kimi. Bacarıb o səni sındırmağı.

Amma yox. Sən ağladıqca onun da ürəyi ağlayar - qoşular gözlərinə - vurar içindəki əzabları üzünə, axıdar əsəbini göz yaşlarıyla - səndən üzr istəyirmişcəsinə.

Sənin aşiqinin şəklinə baxıb dilədiyin əfvi o sənin yanında ola-ola diləyə bilməz səndən. Qorxar sənə toxunmağa. Silməyə göz yaşlarını, oynatmağa saçlarını cürət etməz, çıxar gedər, bağlar otağının qapısını.

Sən bilməzsən, xəbərsizsən. Qalar fikrin şəkillərdə. Hönkürtüylə ağlayarsan, yastığını qucaqlayıb, qollarını bağlayarsan - uşaqlıqdan "şeytan kimi durma" deyib, qollarını qucaqlamağa qoymazdılar səni, gülərsən bunu yada saldıqca.  Səni şeytandan uzaq tutmağa çalışanların elədiyi şeytanlıqlara gülərsən. Gözlərin yaş axıdar, ürəyin qan ağlayar və onun adını sayıqlayan dodaqların gülümsəyər şeytanı yada salıb.

Birdən şəkildən bir cüt göz yaşarmış kimi görünər sənə. Sanki sənin ağlamağın ona bəlli olmuş kimi, göz yaşların onun yanağına tökülmüş kimi, sənin ürəyindən qopan tellər onun ürəyini qanatmış kimi baxar həmin gözlər sənə. Arzulayıb aşiqini, dəli olmağa başlarsan. Birdən otağının küncündən qara bir kölgə görünər gözünə, yaxınlaşır sanki sənə, qorxduğun qaranlıq otaq cənnət görünər gözünə - biləndə ki, gələn kölgə aşiqinin kölgəsidir.

Birdən şəkildən bir səs çağırmağa başlar səni. Dik atılıb  yatağından ayılarsan xəyalından. İşığı yandırarsan, axtarmağa başlayarsan - səsin hardan gəldiyini. Heç kimi tapmaz ki gözlərin, var olmayan xəyal dünyanın gözəgörünməz sakinini otağında görmək ümidilə hər küncə nəzər saldığın o dörd divar arasında.

Əlində bir istilik hiss edərsən, bu nədir deyə ovucunu açmaq istəyərsən və telefonun düşər əlindən. Hələ onda başa düşərsən ki, saatlar keçib eyni şəkilə nəzər salmağının üzərindən. Telefonun əlinin istisi ilə isinmişdir, bəlkə də tərlətmişdir ovuclarını, bəlkə də bunu hiss etməzsən sən. Niyə təəccüblənirsən? "Tərlədiyimi bilməyəcək dərəcədə deyiləm" demək keçir ürəyindən. Bəlkə hətta dilinə də gəlir. Amma aç ovcunu, bax halına.

Dondun, elə deyilmi? Bəli, sən tərlədiyini bilməyəcək dərəcədəsən. Sən aşiqinin xəyalı ilə danışan, şəklinə baxıb özünü onunla danışmış kimi təsəvvür edən bir ürəyin sahibisən. Təəccüblənməməlisən.

Düşən telefonu yerdən qaldırıb baxarsan, amma baxdığın qara ekrandır, bəs o gizli şəkil hanı? Xəbərsizsən sönməyindən telefonun, gözlərin o şəkilə zillənib qalanda, isti göz yaşın töküləndə üzündən, məgər sənin ağlından keçərdimi telefonun sənin kimi canlı olmadığı?

Heç kim bilməz sabahını, axşamını. Kim deyər ki, xoşbəxtliyin kimdə gizli olduğunu? Sən deyərsən, çünki səndən özgəsi bilməz - səni nələrin güldürəcəyini. Yapışıb Allahın ətəyindən  dua edərsən, o şəkilin sahibini sənə yetirsin deyə. Çökərsən diz üstünə, taqət qalmaz bədənini ayaq üstə saxlamağa. Ürəyindən gözlərinə bir ağrı yol götürər ki, ölürəm deyib yıxılarsan  sol tərəfinin üstünə. Huşun gedər, axar gözlər. Hiss etməzsən daha heç bir ağrını. Dodaqların qaçar, elə bilərsən ki, bitdi əzab. Sonra birdən açarsan gözlərini, günəş yandırar üzünü, inanmazsan gördüyünə.

Yenə səhər, yenə günəş, demək hələ ölməmisən. Qarğış etmə öz-özünə, yaşamağına şükr elə. Bəlkə Allah həmin səhər qaytaracaq onu sənə?



Комментарии

Отправить комментарий

Популярные сообщения из этого блога