Müəllif: Gülzarə Hüseynova - İLLƏR SONRA (hekayə)
-Mən uşaq olanda, axşam düşən kimi nənəm bizi yanına çağırıb nağıl danışardı. Yay və ya qış olmağının fərqi olmazdı onun üçün. Təki nəvələrini başına yığsın, təki onlarla ürəyi istəyən qədər vaxt keçirsin. Düzünü desəm, başqa uşaqlar kimi deyildim - bu "nağıl danışma mərasimi" nə qədər əyləncəli və maraqlı olsa da nağıla qulaq asmaqdan ötrü "ürəyim getmirdi". O vaxtlar belə şeyləri çox düşünməzdim - nağıla qulaq asmaq mənim üçün uşaqlığın bir parçası kimi görünürdü sadəcə. Əslində ürəyimdə "nağıl olmasa da olar" deyirdim hər dəfə.